Tarixin bütün dönəmlərində Şərq və Qərb arasında əlaqənin yaradılmasında Cənubi Qafqazın, xüsusən də Azərbaycanın müstəsna rolu və yeri olub. Bir zamanlar “İpək yolu” adlandırılan bu loqistik dəhliz bu gün bir sıra Avropa ölkələrinin əsas neft və qaz təminatçısına, Şərqdən gələn yüklərin Qərbə daşınmasına vasitəçilik edir. Bütün bu səbəblərdəndir ki, həm Şərq ölkələrinin, həm də Qərb ölkələrinin tarixin bütün məqamlarında Azərbaycanla əlaqələr qurmasına ehtiyacı olub və bu gün də bu davam edir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqilliyini əldə etməsinin ilk illərindən başlayaraq rəsmi Bakının əsas siyasi xətti bölgə və dünya ölkələri arasında iqtisadi əməkdaşlığın qurulması, bölgədə sülh və əməkdaşlıq platformasının yaradılması olub.
Baxmayaraq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan öz xarici havadarlarının dəstəyi ilə Azərbaycanın 20 faiz torpağını işğal etmiş, ölkəni bir milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qoymuşdu, elə bir çətin mərhələdə belə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1994-cü ildə Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını təmin edəcək “Əsrin müqaviləsi”nin bağlanmasına nail oldu. Bu müqavilənin imzalanması təkcə Azərbaycanın iqtisadi imkanlarının gücləndirilməsini təmin etmədi, Azərbaycan həm də bununla dünyada və öz tərəfdaşı olan ölkələr arasında etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirdi. Bakı-Ceyhan boru kəmərinin istismara verilməsi və bundan sonra transmilli qaz kəmərinin işə salınması bir çox şərq ölkələrində də Azərbaycanla əlaqələrinin daha da yaxınlaşdırılması siyasətini gücləndirdi. Bu gün Azərbaycan Şərqlə Qərb arasında strateji əməkdaşlıq platforması rolunu oynayır. Bir sıra dünya əhəmiyyətli tədbirlərin, eləcə də siyasi görüşlərin keçirilməsində Bakının seçilməsi bu baxımdan təsadüfi deyil və bunun özü de bir daha Azərbaycanın dünyada olan nüfuzunu təsdiq edir.
Onu da qeyd edək ki, rəsmi Bakının təkcə Şərqlə Qərb arasında deyil, regional əməkdaşlığın inkişafında da böyük rolu var. Ermənistan istisna olmaqla, Azərbaycanın qonşu ölkələrlə demək olar ki, həm siyasi, həm də iqtisadi baxımdan yaxşı əlaqələri var. Baxmayaraq ki, Azərbaycanın işğal altında olan ərazilərini azad etdiyi dövrdə – 2020-ci ildəki Vətən müharibəsi və müharibədən sonrakı dönəmdə bəzi region ölkələri Azərbaycana münasibətdə ikiüzlü və bəzən aqressiv siyasət sərgiləməyə çalışdılar, rəsmi Bakının bütün hadisələri siyasi məntiq və maksimum dərəcədə düşünülmüş şəkildə idarə etməsi və qardaş Türkiyənin bütün təzyiqlərə qarşı Azərbaycanın yanında durması həmin ölkələri öz siyasətlərində müəyyən korrektələr etmək məcburiyyətində qoydu. Onu da qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan rəhbərliyi bölgənin sülh və sabitlik platformasına çevrilməsi, eləcə də region ölkələrinin iqtisadi əməkdaşlığının genişlənməsi baxımından Şərqi Zəngəzur dəhlizinin açılması təşəbbüsünü irəli sürüb. Baxmayaraq ki, region ölkələrində bu təşəbbüsə qarşı da ilk dövrlərdə münasibət birmənalı deyildi, Mərkəzi Asiya ölkələrinin, eləcə də Çinin bu dəhlizlə bağlı maraqlarını gündəmə gətirməsi və bununla bağlı Azərbaycanla davamlı müzakirələr aparılması Şərqi Zəngəzur dəhlizinin aşılmasının da çox uzaqda olmadığı qənaəti yaradır. Beləliklə Azərbaycan qədim dövrlərdən bu günümüzə qədər gələn və bu günümüzdən gələcəyə doğru yol alan dövrlərdə də Şərq və Qərb arasında strateji rolunu və əhəmiyyətini davam etdirəcək.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.