“Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni layihənin icrasına başlayıb.
“Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədovanın Heftelik.az-a verdiyi məlumata görə, layihə çərçivəsində regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı hüquqi maarifləndirmə işi aparılacaq, məişət zorakılığına məruz qalan və risk qrupundan olan şəxslərə hüquqi konsultasiya xidməti göstəriləcək: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, risk qrupundan olan qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi konsultasiya xidmətinin göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.
Layihə çərçivəsində məişət zorakılığından əziyyət çəkən şəxslərin müraciət etməsi üçün imkanların zəif olduğu Ağdam, Bərdə və Mingəçevir şəhərində risk qrupundan olan şəxslərlə birbaşa görüşlər keçirilərək məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı hüquqi maarifləndirmə işi aparılacaq. Bu məqsədlə həmin rayonların hər birində bir dəfə olmaqla görüşlər təşkil olunacaq. Hər rayonda keçirilən görüşə həmin rayonda yaşayan risk qrupuna daxil olan şəxslər cəlb ediləcək. Həmin şəxslərə ekspert zorakılığa yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı məlumat verəcək.
Həmçinin məişət zorakılığına məruz qalan və risk qrupundan olan şəxslərə hüquqi konsultasiya xidməti göstəriləcək”.