Nikah yaşının 1 il azaldılması ilə bağlı insanlar icra hakimiyyətindən icazə alırlar. Lakin icazə alanlardan yalnız 1 %-nin ata-anası ağır vəziyyətdə olan ailələrdəndir, qalanları tam sağlam ailələrdir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Hicran Hüseynova bildirib ki, həmin sağlam ailələr gəlir ki, oğlunu, qızını evləndirmək istəyir: “Statistikaya baxsaq görərik ki, həmin zaman evlənmək istəməyən nə qədər qız uşağı özünü öldürür. Şəxsən neçəsi evdən qaçıb mənim yanıma gəlib ki, evlənmək istəmirəm, lakin məcbur evləndirirlər. Bəs onlara nə edək?! Necə kömək edək?! Bu 1 il nə üçün belə böyük problemə çevrilib ki, bunlar dözə bilmirlər? 18 yaşına çatdıqdan sonra ailə qura bilməzlərmi?!”
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır. Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.