“Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” – Ötən əsrin əvvəllərində Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk bu fikirləri söyləyərkən həm də türk xalqına, gələcək nəsillərə Azərbaycan-Türkiyə qardaşlığının təməl prinsplərini anladaraq onlara Azərbaycanı bir qədər obrazlı desək, əmanət etmişdi. Ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev “Bir millət iki dövlət” aforizmi ilə bir daha Türkiyə və Azərbaycan qardaşlığının möhkəm təməllərə bağlı olduğunu təsdiqləmişdi.
Qeyd edək ki, Türkiyə-Azərbaycan qardaşlığı, eləcə də müttəfiqliyi dünyanın heç bir ölkəsi ilə müqayisə edilə bilməz. Azərbaycan türkü “Çanaqqala keçilməz”-deyə öz sinəsini Türkiyəyə və türklərə qarşı yönəlmiş toplara səngər edəndə də, 1918-ci ildə daşnaklar Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Şəkidə və Azərbaycanın bir çox yerlərində türk olduqlarına görə uşaq, qadın, yaşlı demədən bir xalqa qarşı vəhşiliklər, soyqırım törədəndə bu vəhşiliyin qarşısını türk əsgəri, türk paşaları kəsmişdi. 1918-ci ilin 15 sentyabrında Bakını işğaldan azad edən türk əsgəri də bizim kimi bir gözü ilə ağlayıb bir gözü ilə gülmüşdü. Amma əlindəki silahı ilə daşnakları Bakıdan dərbədər etmişdi.
Bir tarix, bir soy, bir millət olan türklər zaman təxribatçılarla üzləşsələr də, yad qüvvələr tərəfindən parçalanmaqla üz-üzə qalsalar da, ürəklərdə, qanda olan birlik heç zaman pozulmayıb və pozula bilməz.
Bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi dünyanın heç bir iki ölkəsi arasındakı müttəfiqliklə müqayisə oluna bilməz. Çünki Bir yerdə Türkiyəyə daş atarlarsa orda Azərbaycan özünü o daşa sipər edər. 44 günlük Vətən müharibəsi dönəmində müharibənin ilk dəqiqələrindəcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycana qarşı kimsə nəsə etməyə qalxarsa, babamın oğlu olsa belə gözünün yaşına baxmarıq”- deyə Bakıya təhdidlər yağdıran ölkələrə çox açıq və birmənalı şəkildə mesajını verdi. Türkiyə prezidentinin Şuşada Azərbaycan prezidenti İlham Əliyevlə birgə imzaladığı Şuşa Bəyannaməsi isə bütün dünyaya mesaj idi.
Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, mütəffiqliyi Cənubi Qafqazda sülhün, sabitliyin, inkişaf edən iqtisadiyyatın olması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu gün regionda baş verən və ya regionla bağlı məsələlərdə rəsmi Bakının və Ankaranın mövqeyi həlledici rol oynayır.
Qarabağın dirçəldilməsində Türkiyənin rolu müstəsnadır. Bu gün onlarla türk şirkətləri Qarabağda yeni şəhərlərin, kəndlərin salınmasında, kommunikasiyanın yaradılmasında iştirak edirlər.
Eyni zamanda bu gün Azərbaycan dövləti 2023-cü ilin fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra zəlzələnin episentri olan Kahramanmaraşda yeni Azərbaycan şəhərciyi salır.
Azərbaycan ordusu türk ordusuna inteqrasiya edir. Bu gün dörd il əvvəl işğaldan azad olunmuş Şuşa şəhəri türkdilli dövlətlərə, islam ölkələrinə paytaxt seçilib. Bütün türkdilli dövlətləri birləşdirən ortaq dəyərlərimizdən birinə çevrilib Şuşa. Odur ki, Azərbaycan-Türkiyə qardaşlığı üzü Böyük Turana doğru böyük bir yoldadır. Bu birlik, bu müttəfiqlik bir daha Böyük Atatürkün “Yurdda sülh, cahanda barış” çağırışının, Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” fikrinin davamıdır. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi “Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir”.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.