Region sakinlərinə hüquqi konsultasiya xidmətinin göstərilməsini nəzərdə tutan daha bir fəaliyyət tamamlanıb. 10 ay müddətində həyata keçirilən fəaliyyət zamanı Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında aztəminatlı  şəxslərlə görüş keçirilərək onlara hüquqi konsultasiya xidməti göstərilib. Bundan əlavə, bütün ölkə ərazisindən onlayn müraciət edən aztəminatlı şəxslər “qaynar xətt” xidməti, “Facebook”, “Instagram” və “WhatsApp” vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biliblər. Təşəbbüs çərçivəsində, ümumilikdə 212 nəfərə pulsuz hüquqi konsultasiya xidmətinin göstərilməsi təmin edilib. Məhkəmədə müdafiəsinə ehtiyacı olan 20 nəfərin iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlanıb. Həmçinin onlayn media resursları və yuxarıda qeyd edilən sosial media səhifələri vasitəsilə hüquqi maarifləndirmə xarakterli məlumatlar paylaşılıb.

Təşəbbüsün icra müddətində hədəf qrupu tərəfindən ən çox müraciət edilən hüquqi problemlərin həlli ilə bağlı hüquqşünasın izahatı olan 10 video çəkilərək təşkilatın “Youtube” səhifəsində (https://www.youtube.com/@pulsuzhuquqiyardim) paylaşılıb.

Təşəbbüsün sonuncu mərhələsində həssas qruplardan olan 25 nəfər Bərdə rayonunda təşkil olunan 3 günlük özünüməşğulluq və sahibkarlıqla bağlı  təlimə cəlb olunub. Təlim zamanı iştirakçılara sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin qurulması, idarə olunması ilə bağlı məlumat verilib. İştirakçılar, həmçinin sahibkarlıq subyekti (mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üçün tələblər), uğurlu sahibkara xas davranış xüsusiyyətləri, sahibkarlıq qabiliyyətlərinin qiymətləndirilməsi, biznesin təşkilati-hüquqi formaları və qeydiyyat, biznesə necə başlamalı, biznes-plan nədir,  biznes-planın məzmunu, marketinq planı, maliyyə planı, bazar araşdırmasının biznes-plan hazırlanması üçün əhəmiyyəti, biznеs-plаnlаrın tərtibi qaydaları barədə məlumatlandırılıblar. Sahibkarlıq fəaliyyəti üçün kredit alınmasının tələbləri, kredit faizləri və banklarla əməkdaşlıq, hazırlanan biznes ideyalarının maliyyələşdirilmə imkanları barədə məlumat alan təlim iştirakçıları təlimin sonuncu günündə öz ideyalarına uyğun biznes plan hazırlayıblar.

Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinə məxsus  “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Vahidoğlu konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilib.