Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və s.
15 iyun 2024-cü il tarixində Şuşa Bəyannaməsinin üçüncü ildönümü sona çatır. Şəksiz ki, bu bəyannamə hər iki ölkənin yeni inkişaf perspektivlərinin inkişaf etdirilməsi və konsepsiyalaşmış siyasətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.
Sənan Hüseynov
Nəsimi rayon gənci, ADNSU II kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü