Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində toxunduğu bir sıra dövlət və beynalxalq əhəmiyyətli mövzular bu günün reallıqlarını özündə əks etdirən əsaslı məsələlərdir.
Müxbirin enerji sektoru ilə əlaqədar verdiyi sualda cənab İlham Əliyevin dediyi “Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.” fikirlər ölkəmizin hərtərəfli inkişafını sübut edən bariz göstəricidir.
Həmçinin cənab İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda xanım müxbirin sualına verdiyi cavabı da sizlərin diqqətinə çatdırmaq istədim: “Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.”
Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Şəksiz ki, cari ilin birinci yarısında artıq cənab İlham Əliyevin ikinci dəfə “Euronews”a verdiyi müsahibə də COP29 məsələsinə toxunması, bundan əlavə Azərbaycandakı enerji sektoru haqqındakı mütərəqqi düşüncələri, fikirləri və təklifləri xarici mühitin diqqətini cəlb etməkdə davam edir və şübhəsiz ki davam edəcək. Bu siyasət düşünülmüş və uzaqgörən müdrikliyin əsaslı nümunəsidir.
Sənan Hüseynov
Nəsimi rayon gənci, ADNSU II kurs tələbəsi,
Nyu-York Elmlər Akademiyasının üzvü