Şərqlə Qərbin arasında strateji mövqe tutan Cənubi Qafqaz regionu tarixən də, bu gün də dünya ölkələrinin maraqlarının kəsişdiyi əsas bölgələrdən biridir. Qeyd edək ki, zaman-zaman başqa ölkələrin öz maraqlarını təmin etmək məqsədi ilə Cənubi Qafqaza hərbi yürüşləri, işğalçılıq siyasətləri olub və baxmayaraq ki, zaman 21-ci əsrdir yenə də var. Belə ki, bir sıra ölkələr regionda münaqişə ocaqları yaratmaqla bölgədə öz varlıqlarını təmin etməyə çalışmış, bəzi ölkələr isə hərbi əməkdaşlıq və poliqon müstəvisində Cənubi Qafqaza nəzarəti ələ almağa çalışırlar. Lakin görünən odur ki, Cənubi Qafqaz yavaş-yavaş olsa da böyük güclərin nəzarətindən çıxır.
Onu da qeyd edək ki, ötən əsrin sonlarında sovet imperiyasının dağılmasından sonra Cənubi Qafqaz ölkələri öz müstəqilliklərini əldə etsələr də, Ermənistanın xarici himayədarları bölgədə Qarabağ münaqişəsini yaratmaqla bu bölgədə münaqişənin həllində guya vasitəçilik etmək missiyası altında qaldılar. Tək Azərbaycan ərazisində deyil, Gürcüstan ərazisində separatçıların xarici qüvvələr tərəfindən dəstələnməsi Gürcüstan ərazisində Cənubi Osetiya və Abxaziya kimi münaqişə zonalarının yaranması ilə nəticələndi. Onu da qeyd edək ki, Azərbaycan regionun həm strateji mövqeyinə, həm təbii ehtiyatlarına, həm də tranzit və loqistik imkanlarına görə əsas ölkəsi olduğuna görə, 44 günlük Vətən müharibəsindən sonra regionda həm siyasi həm də geosiyasi vəziyyət dəyişdi. Rəsmi Bakının ərazisindəki separatizmi heç bir dəstək olmadan özünün qısa vaxt çərçivəsində həm də qələbə ilə həll edərək, ərazi bütövlüyünü təmin etməsi bu bölgədə maraqlarını güdən bir sıra ölkələr tərəfindən birmənalı qarşılanmadı. Onu da qeyd edək ki, müharibənin gedişində və müharibədən sonrakı ilk dövrlərdə əksər aparıcı ölkələr Azərbaycana öz mövqeyini dəyişməsi və geri çəkilməsi istiqamətində müxtəlif şəkildə təzyiqlər etsələr də, rəsmi Bakının qətiyyətli davranışı artıq bir sıra ölkələrin həm regiona həm də Azərbaycana münasibətində bəzi korrektələr etməsi ilə müşayiət olunur. Bunun nəticəsidir ki, artıq bir sıra Avropa ölkələri Azərbaycanla daha yaxından əməkdaşlıq etmək niyyətlərini ifadə edir və bu istiqamətdə müxtəlif qərb ölkələrindən Azərbaycana yüksək ranqlı səfərlər həyata keçirilir. Elə müharibənin ilk günlərindən Azərbaycana münasibətdə aqressiya göstərən Almaniyanı buna nümunə göstərə bilərik. Azərbaycan
Prezidenti İlham Əliyevin bu yaxınlarda Almaniyaya tövsiyələr zamanı rəsmi Berlin nəinki Azərbaycanla əməkdaşlığın əhəmiyyətini önə çəkdi. Rəsmi Bakı ilə əlaqələrin daha da yaxınlaşması və genişləndirilməsi üçün konkret addımlar da atdı. Həmçinin regionda sülhün əldə olması ilə bağlı ABŞ dövlət katibi Bilkenin Azərbaycan rəhbərliyi ilə davamlı məsləhətləşmələr aparmasını da buna nümunə göstərə bilərik.
Məsələ burasındadır ki, bütün siyasi vəziyyətlərə, hətta bölgədə müharibə getdiyi bir vaxtda belə, baxmayaraq ki, əksər ölkələr anti-Azərbaycan siyasəti apardı, Azərbaycan karbohidrogen ehtiyatlarının daşınması və təminatı sahəsində öz tərəfdaşları ilə əməkdaşlığını etibarlı şəkildə davam etdirərək, öz partnyorları üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi.
Onu da qeyd edək ki, rəsmi Bakının balanslaşdırılmış siyasəti təkcə enerji təminatı sahəsində deyil. Regionda kifayət qədər müstəqil və açıq siyasət aparan Azərbaycan bu gün həm Rusiya ilə, həm Ukrayna ilə, həmdə Ukrayna münaqişəsi müstəvisində Moskva ilə münasibətlərində kifayət qədər problemlər yaşayan Qərb ölkələri ilə əməkdaşlıq edir. Azərbaycan rəhbərliyinin Cənubi Qafqazı sülh bölgəsinə çevirmək istiqamətində apardığı siyasət və tutduğu qətiyyətli mövqe bəzi ölkələrin regiona hərbi-siyasi təcavüz cəhdlərinin qarşısını alsa da, görünən odur ki, bu gün regionda həm Qərb, həm Rusiya, həm də digər ətraf ölkələr öz maraqlarını maksimum şəkildə təmin etməyə çalışırlar. Başqa sözlə desək, Cənubi Qafqaz bu gün də böyük güclərin maraqlarının kəsişmə nöqtəsi kimi qalmaqdadır.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.