Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.
Şirvan şəhər prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı həmin məktəbdə guya əvəzçilik qaydasında dərslərin icra edilməsi, dərsdənkənar məşğələlərin keçirilməsi, müxtəlif dərnəklərin təşkil olunması və digər qanunsuz yollarla 39 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.