Xüsusi icazəsi ləğv edilmiş hüquqi şəxslər yenidən icazə almaq üçün yalnız 5 il keçdikdən sonra Baş İctimai Təhlükəsizlik İdarəsinə (BİTİ) müraciət edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Xüsusi icazədən könüllü surətdə imtina edildikdə sonradan təkrar onun alınması ilə bağlı müraciət etmək üçün müddət müəyyən edilmir. Xidməti və mülki silahın istehsalı ilə məşğul olan müəssisələr istehsal etdiyi silah və sursatı qanuni əsaslarla sifarişçiyə sata bilərlər. Belə müəssisələr tərəfindən sifarişçiyə satılan silah və sursatın adı, markası, növü və miqdarı sifarişin məzmununa uyğun olmalıdır. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə silah və döyüş sursatının satışı Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən məhdudlaşdırılır və ya qadağan olunur.