Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə İstibulaq kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mersedec ML” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, iyun ayının 25-də saat 20:30 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin aşması barədə məlumat daxil olub.
Onun sözlərinə görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci il təvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölmüş, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsartələri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir.