Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının iclaslnda MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub.

“Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır. Tərtər, Kəlbəcər və Ağdam rayonlarının ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, – deyə o əlavə edib.

MSK təmsilçilik baxımından bütün rayonların Azərbaycan Respublikası Parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır:

“96 saylı Göranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adında qismən dəyişiklik edilməlidir. 96 saylı Göranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələri müfaviq olaraq 96 saylı Goranboy-Naftalan seçki dairəsi, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi, 118 saylı Ağdam-Xocalı seçki dairəsi, 119 saylı Ağdam seçki dairəsi və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırlsın və sözügedən dairələrin hüdudlarında qismən dəyişikliklər edilsin”.

MSK məsələni səsverməyə çıxararaq qəbul edib.