Bir kəndi şoka salan qətl

27 İyun 2024, 11:26

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətlə yetirilən və qətli törətməkdə şübhəli sayılan hər ki gənc Qazax rayon Daşsalahlı kənd sakinləridir.

Heftelik.az-ın məlumatına görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlunun hərbçi olduğu bildirilir.

İsmayıl Allahverdiyevin atası Qazax rayonunun başqa kəndində anadan olsa da, Daşsalahlıdan olan xanımla ailə qurub və ailə qurduqdan sonra Daşsalahlıda torpaq alıb, ev tikərək bu kənddə yaşamağa başlayıb. İsmayıl Allahverdiyevin anası qətlə yetirilən Tural Kosayevin qohumudur.

Bundan öncə mediada da qeyd edildiyi kimi, qətlin motivinin hər iki gəncin eyni qızı sevməsi olduğu bildirilir. Ancaq törədilən qətl qohumlar üçün gözlənilməz olub, çünki bu gənclər arasında əvvəllər hər hansı mübahisə yaşanmayıb.

Qeyd edək ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.