Silahın dövriyyəsinə nəzarətə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Xidməti və mülki silahın dövriyyəsinə nəzarət olunması üçün BİTİ və ərazi polis orqanları tərəfindən aşağıdakı tədbirlər görülür:
– Silaha və onun istehsal olunduğu, satıldığı, saxlanıldığı və məhv edildiyi yerə həmin müəssisənin rəhbərinin və ya bu işə bilavasitə cavabdeh olan şəxsin iştirakı ilə baxış keçirmək;
– Silah saxlanılan yerin mühafizəsinin müvafiq qaydalara uyğun təşkil olunmasına, mağazada silah satışı qaydalarına riayət edilməsinə, daxil olan silahların saxlanılmasının uçot və qeydiyyatın aparılmasına, məhv edilməsi nəzərdə tutulan silahların ekspert komissiyası tərəfindən yoxlanılmasına diqqət yetirmək;
– Aşkar olunmuş nöqsanların dərhal və ya növbəti baxış keçirilənədək aradan qaldırılmasına dair silah və sursatın saxlanılması üçün məsul olan şəxslərə zəruri tapşırıqlar vermək;
– Hüquqi və fiziki şəxslərdən xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsini, vərəsəlik üzrə verilməsini, miras alınmasını, habelə məhv edilməsinin vacibliyini təsdiq edən sənədlərin təqdim olunmasını, bu sənədlərlə bağlı şifahi məlumat verilməsini tələb etmək;
– Xidməti və mülki silahın dövriyyəsi ilə bağlı mövcud nöqsanların aradan qaldırılması üçün vətəndaşlara və vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək.