Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.

Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya Baş İctimai Təhlükəsizlik İdarəsinə (BİTİ) müraciət edir. Xüsusi icazənin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

– Ərizə;

– Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;

– Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;

– 3 x 4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, prokurorluq, habelə dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər operativ uçotlar üzrə yoxlanılmır.