Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Heftelik.az-ın məlumatına görə, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.
Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində tibbi elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.
Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.
Nazirin digər əmri ilə Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Vidadi Məmmədov 1974-cü ildə anadan olub. 1997-ci ildə Türkiyənin Dokuz Eylül Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələri ilə bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan V.Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində hakim, 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib.
V.Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.
Azərbaycan Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.