Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Britaniya KİV-i məlumat yayıb.
O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.
***
saat 09.31
Britaniya parlamentinə keçirilən seçkilərdə Leyboristlər Partiyası qalib gəlib.
Heftelik.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, səslərin hesablanmasının aralıq nəticələrinə görə, müxalifət partiyası yeni hökumətin formalaşdırılması üçün lazım olan çoxluğu əldə edərək, 650 yerlik İcmalar Palatasında özünə 326 yeri təmin edib.
2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının cəmi 71 mandatı var.
Hazırda səsvermə bülletenlərinin hesablanması davam edir və yerli vaxtla 07:00-da başa çatacaq, amma bununla belə, artıq leyboristlərə çatmaq mümkün olmayacaq.
Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak da Leyboristlər Partiyasının lideri Key Starmeri parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.