Cənab İlham Əliyevin cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı şəksiz ki, ölkələr arası əməkdaşlıqlarımızın inkişafına yeni bir uğur kimi yazıldı.

Prezidentimizin tarixi çıxışında bir sıra  prioritet məsələləri özündə birləşdirir. Onun bəzilərini sizlərə bildirmək istərdim: “Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq”.

Daha sonra prezidentin COP29 ilə əlaqədar da çıxışı da diqqət çəkdi. “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”.

Qeyd edim ki, “ŞƏT plyus” formatında keçirilən görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə görüşdə iştirak edib. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

 

Səkinə Hüseynova

Kompleks Qazma İşləri Trestində aparıcı iqtisadçı