“İyulun 1-dən etibarən taksilərlə bağlı yeni tələblər qüvvəyə minsə də, bu gün köhnə avtomobillərlə taksi fəaliyyətinə hələ də rast gəlinir. İnsanlar şikayət edilər ki, taksi operatorları vasitəsilə taksi sifariş verdikdə sistemdə qeyd olunan yeni avtomobilin əvəzinə tamamilə başqa, köhnə avtomobil gəlir. Təəssüf ki, bu gün bu cür hallar mövcuddur”.
Heftelik.az-ın xəbərinə görə, bunu Bakupost.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, avtomobili köhnə olan taksi sürücüləri yaxın qohumlarının yeni avtomobili ilə sistemdə qeydiyyatdan keçərək köhnə avtomobilləri ilə taksi xidməti göstərirlər. Hətta bu kütləvi hal almağa başlayıb. Bu da insanlar tərəfindən narazılıqla qarşılanır:
“Belə hallara yol vermək olmaz. Bu, qanunsuzluqdur. Bu məsələyə sistem üzərindən nəzarət etmək mümkün olmur. Yalnız küçələrdə reydlər təşkil etməklə bu cür halların qarşısının alınması mümkündür. Reydlər zamanı qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xəttən kənarlaşdırılacaqlar”.