Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.
M.Əzizbəyov adına Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitirib.
1985–1986-cı illərdə tramvay parkında xətt sahəsi təmiri ustası, 1986–1987-ci illərdə tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsini icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbəsinin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifəsində çalışıb.
1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olub.
Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub, dövlət başçısının bu gün sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.