Prezident İlham Əliyev: “Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür”
Bu gün dünyada yeni qlobal güclər yaranmaqdadır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı dünyada baş verən ictimai siyasi proseslərə öz təsir gücünü artırır. Əlbəttə ki, bunun üçün türk dövlətləri bu təşkilatda öncə öz mövqelərini ortaya qoyublar və birlik üçün çox effektiv səylər göstərirlər. Azərbaycan da son illər bu təşkilatda çox mühüm aktivlik göstərir. Prezident İlham Əliyev, xüsusən TDT-də əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Onlardan biri də TDT-nin ildə bir dəfə qeyri-rəsmi zirvə görüşünün keçirilməsidir. Və bu təşəbbüsü bütün TDT dövlət başçıları dəstəkləyiblər. Məhz elə bunun nəticəsidir ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan bununla həm türk ölkələri ilə əlaqələrin genişləndirilməsi məsələsinə önəm verir, həm də TDT-nin fəaliyyətinin gücləndirilməsi və ümumiyyətlə, Türk dünyasının həmrəyliyinə töhfə vermiş olur. Prezident İlham Əliyev Zirvə görüşündə nitq söyləyərək bu tədbirin Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü olduğunu vurğulayıb: “Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”. Göründüyü kimi, Azərbaycanın məqsədi beynəlxalq aləmdə TDT-nin güc mərkəzinə çevrilməsidir. Bunun üçün türk dövlətlərinin çox böyük potensialı var. Təşkilata üzv ölkələr öz resursları ilə dünyaya çıxış imkanları var. Fikrimizcə, türk dövlətləri arasında çox böyük bir nəqliyyat qovşağının yaradılması çox mühüm əhəmiyyət daşıyır.
Zirvə görüşünün Şuşada keçirilməsinin də xüsusi önəm var. Əvvəla, artıq bütün dünya bilir ki Şuşa Azərbaycanın qələbəsinin rəmzidir. Türk dövlətləri başçılarının da burada toplanşması beynəlxalq aləm üçün bir mesajdır: yəni türk dövlətləri dünyaya zəfər şəhərindən səslənir. Dövlətimizin başçısı deyib ki, keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır: “Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur”. Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etməklə Ermənistanı məğlubiyyətə uğratdı. Buna görə də zirvə görüşünün burada keçirilməsi həm də türk dünyasının qələbə əzminin göstəricisidir. Bunu zirvə görüşündə çıxış edən türk dövlətlərinin liderləri də çox böyük məmnunluqla qeyd ediblər. Şuşanın azad olunması, burada belə bir tədbirin keçirilməsi bütün türk dünyası üçün böyük fəxarət hissidir. Hər bir çıxışçı bu tədbirin təşkilinə görə dəvətə görə cənab Prezidentə təşəkkürünü bildiriblər. Yeri gəlmişkən, iyulun 6-da Şuşada imzalanan “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə də türk dövlətlərinin liderləri Prezident İlham Əliyev öz təşəkkürlərini ifadə ediblər. Sənəddə qeyd olunur ki, TDT-nin dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər. Onu da bildirək ki, TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı da dəstək veriblər. “Türk Dövlətləri Təşkilatının dövlət başçıları 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirlər”, – deyə sənəddə qeyd olunur. Xatırladaq ki, Qarbağ Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.
Şuşada TDT-nın Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünun belə yüksək səviyyədə təşkili Azərbaycan Prezidentinin türk dövlətlərinin birliyi üçün atdığı addımın bariz nümunəsidir. Bu gün bütün türk dövlətləri Azərbaycanın apardığı düşünülmüş siyasəti, həmçinin Prezident İlham Əliyevin qlobal, regional, eləcə də türk dünyası ilə bağlı təşəbbüslərini xüsusi olaraq qəbul edirlər. Azərbaycan TDT-da da birləşdirici rol oynayır, türk xalqlarının qardaşlığının möhkəmlənməsinə öz töhfəsini verir.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi