Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.
Heftelik.az-ın məlumatına görə, aparılmış istintaq tədbirləri nəticəsində etibar edilmiş külli miqdarda özgə əmlakını talama, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, külli miqdarda rüşvət alma və vəzifəli şəxs tərəfindən tamah və sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlərin əlamətlərini əks etdirən kifayət qədər dəlillərin olması nəzərə alınaraq fakt üzrə Azərbaycan Respublikası CM-in 179.3.2, 308.1, 311.3.3 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işinin istintaqı zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsində məhkəmənin qərarı ilə 5 iyul tarixində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq tədbirləri davam etdirilir.
Heftelik.az-ın əldə etdiyi məlumata görə, Rəşad Məmmədov Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin sürücüsü olub, həm də faktiki köməkçisi funksiyasını yerinə yetirib. Vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, külli miqdarda rüşvət alma və vəzifəli şəxs tərəfindən tamah və sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlərin əlamətlərindən söhbət gedirsə, bu hallara Azərbaycan Dövlət Filarmoniyasının direktorunun razılığı, iştirakı olmadan necə yol verilə bilərdi?!
Bəs sürücüsü və faktiki köməkçisi mənimsəməyə görə həbs edilən Murad Adıgözəlzadə də həbs olunacaq?! Yəqin ki, bu günlərdə məsələyə aydınlıq gətiriləcək.
Qeyd edək ki, bu günlərdə Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadədən boşanması xəbəri də yayılmışdı…