Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib.
Heftelik.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil Habil oğlu Şəmmədov məsələ ilə bağlı bildirib ki, 1999-cu il təvəllüdlü Elnur Eynulla oğlu Əliyev Masallı rayonundan evlənmək məqsədilə qız qaçırıb:
“Qızın ailəsi buna razı olmayıb və anası evdə olmadığından məhkəmədə E.Əliyevə qarşı iddia qaldırıb. Anası iddia edib ki, qızının başını aldadaraq evdən aparıb. Qız yetkinlik yaşına çatıb, azyaşlı deyil. Qızın ailəsi məhkəmədə E.Əliyevdən 1 000 manat bir və 10 min manat da ayrı təzminat tələb edir. Qız əvvəl razılıq versə də, məhkəmədə qız özü də şikayətçi olub.
Elnur Əliyev isə tutulacağını düşünərək təlaşlanıb. Elnur Əliyev Vətən müharibəsi iştirakçısıdır, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Onu həmin gün, iyulun 9-da mən qəbul etmişdim, onun təlaşlandığı məsələ ilə bağlı hüquqşünas yoldaşlarla danışdım. Yanında da dedilər ki onun həbs olunması ilə bağlı məsələ ola bilməz. Sakitləşib getdi.
Amma üzərindən 10 dəqiqə keçmişdi səhər saat 11 radələrində Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Onun psixoloji durumu da bir qədər stabil deyil, həmişə ona həssaslıqla yanaşmışıq. Təəssüf ki, belə bir hadisə yaşandı. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ona dəfələrlə maddi yardım olunub. Yəni onun problemi məhkəmə ilə bağlı olub, tutulmaqdan qorxub”.
Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, E.Əliyev aldığı yanıq xəsarətləri ilə Bakıya, 5 saylı şəhər klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib:
“Xəstəxanadan bildirilib ki, kürək nahiyəsində 25 faiz yanıq xəsarəti var. Vəziyyətinin ağır olmadığı, bir neçə gün ərzində müalicəsini yekunlaşdırıb evinə qayıda bilədəyini bildirdilər”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 09.07.2024-cü il tarixində saat 14:55-də 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bildirilib ki, ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib:
“Hazırda vəziyyəti orta ağır qiymətləndirilir”.