ABŞ Federal Təhqiqatlar Bürosu sabiq Prezident və prezidentliyə namizəd Donald Trampa sui-qəsdə cəhd edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.

Heftelik.az-ın məlumatına görə, Tomas Metyu Kruks Donald Trampa 3 dəfə atəş açdıqdan sonra ABŞ xüsusi təyinatlılarının bir nişançısı tərəfindən açılan atəşlə öldürülüb.

Şübhəli öldürülən zaman üzərində silahlanmanı dəstəkləyən bir “Youtube” kanalının emblemi olan köynəkdə olub. Sui-qəsd cəhdi zamanı Tomas Metyu Kruksun üzərində şəxsiyyətini təsdiqləyən sənəd olmayıb, buna görə də DNK analizinin nəticələri gözlənilib. Cəsədin yanında yarı avtomatik AR-15 tüfəngi aşkarlanıb. Sosial mediada yayılan görüntülərdə ABŞ əsgərlərinin Tomas Metyu Kruksun cansız bədəninin yanında durduqları görünür. Görüntülərə görə, Tomas Metyu Kruks uzun boylu, zəif, ağ dərili, eynək taxan və uzun saçlıdır.

 

Məhkumluğu yoxdur, bilik yarışmalarında mükafatlar alıb

 

Mitinq keçirilən ərazidən  56 km cənubda yerləşən Pensilvanyanın Bethel Park bölgəsində yaşayan Tomas Metyu Kruksun buna qədər hər hansı cinayətdə iştirakı olmayıb. O, 2022-ci ildə Bethel Park Liseyindən məzun olub, riyaziyyat və bilik yarışlarında mükafatlar qazanıb.

Hadisə zamanı öldürülən Tomas Metyu Kruks respublikaçı kimi qeydiyyatda olub, respublikaçıların prezidentliyə namizədinin müəyyənləşməsi üçün keçirilən qapalı səsvermədə iştirak hüququ var. Bununla belə 2021-ci ildə demokratyönümlü “Progressive Turnout Project” qrupuna 15 dollar ianə verib. Atası Metyu Kruks isə səlahiyyətli şəxslərlə görüşənə qədər oğlu haqqında danışmayacağını bildirib.

 

Trampı 150 metrdən vurmaq istəyib

 

Diqqət çəkən digər məqam Tomas Metyu Kruksun silahla Donald Tpampın çıxış etdiyi səhnəyə təəccüb doğuracaq qədər yaxınlaşmasıdır. Tomas Metyu Kruksun atəş açdığı binanın damı ilə Donald Trampın çıxdığı səhnə arasındakı məsafə cəmi 150 metrdir. Bu məsafə ABŞ ordusunda təcrübəsiz əsgərlərdən M16 avtomat silahı ilə insan boyundakı  hədəfləri vurmaları istənilən məsafəyə uyğun gəlir. ABŞ xüsusi xidmət orqanları hazırda Tomas Metyu Kruksun silahla Donald Trampa necə bu qədər yaxınlaşa bildiyini araşdırır. Bu, Donald Trampın təhlükəsizliyinin zəif qorunduğu yönündə mübahisələrə yol açıb.

Donald Trampa sui-qəsd cəhdində istifadə olunan AR-15 yarı avtomatik tüfəng ABŞ ordusunda istifadə edilən M16 avtomatik tüfəngin mülki versiyası sayılır. 2022-ci ilin hesabatına görə, ABŞ-da hər 20 yetişkin insandan birində AR-15 silahı var. 991 milimetr uzunluqda, 2,97 kiloqram ağırlığında olan AR-15 457 metr məsafəyə qədər hədəfi vurmaq qabiliyyətinə malikdir.