Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-25 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb.

Məlumatlara görə, həmin vaxt Bakıda bəzi məhdudlaşdırıcı addımlar atılacaq. Dərslərin onlayın qaydada keçirilməsi, toy-nişan, ad günləri, bir sözlə, təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı deyilir. Hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq da edildiyi bildirilir.

Doğrudanmı COP 29 keçirilən ərəfədə Bakıda toy olmayacaq?

Heftelik.az-ın məlumatına görə, “Sərin” şadlıq sarayından Qaynarinfo-ya bildiriblər ki, COP 29 tədbiri keçirilən ərəfə üçün heç bir sifariş götürülmür:
“Nə toy, nə nişan? Yox, Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyulub. Noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”.
“Venera” şadlıq evindən də həmin tarixə sifariş qəbul edilmədiyi vurğulanıb:
“Bilmirik, biz də qalmışıq belə. Ölkədə vəziyyət başqadır. Hələ ki, həmin günlərə sifariş götürülmür. Bir neçə günə bizə məlumat verəcəklər, bu səbəbdən də sifarişi dayandırmışıq. Məsələyə aydınlıq gətirilsin, sonra”.
“Kəmalə-Nərmin” şadlıq evi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb:
“Bizə heç nə deməyiblər. Şayiəni camaat yayır. COP 29-un toya nə aidiyyatı? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatı toyunu ləngidirlər”.
“Yeganə” şadlıq evi isə həmin tarixə sifariş götürdüyünü açıqlayıb:
“Hazırda sifariş götürürük. Bizə aidiyyatı qurumlardan hər hansı məlumat daxil olmayıb, heç nə deyilməyib”.