Abşeron və Suraxanı rayonlarında məskunlaşan, Qarabağa qayıtmağa hazırlaşan bir qrup şəxsə müxtəlif sənət növləri üzrə dərslər keçirilib.
Heftelik.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Qarabağda xalq sənətkarlığının inkişafı” layihəsi çərçivəsində qurama və oyma sənəti üzrə ustad dərsləri təşkil olunub.
Layihə boyunca altı nəfərə işlənmə texnikasına görə fərqlənən dekorativ-tətbiqi sənət növləri üzrə dərslər verilib. Qurama üzrə tanınmış sənətkar Səbirə Qarayevanın köməyi ilə təlim iştirakçısı olan xanımlar kiçik parçaları birləşdirərək müasir zamana uyğun, müxtəlif məişət əşyaları, dekorativ nümunələr ərsəyə gətiriblər. Qeyd edək ki, layihəyə təşkilatı dəstək göstərən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova qurama üzrə emalatxananı ziyarət edərək təlimlərin gedişi ilə maraqlanıb. O, bu cür təlimlərin əhalinin sosial rifah halına müsbət təsir etdiyini, rəqabətqabiliyyətli məhsullar hazırlayan sahibkarların bazara çıxış imkanları genişləndirməsinə xidmət göstərdiyini bildirib.
“Qarabağda xalq sənətkarlığının inkişafı” layihəsi çərçivəsində təkcə qurama deyil, həm də oyma sənəti üzrə təlimlər keçirilib. Təlim iştirakçıları oyma ustası Azər Əsədovun rəhbərliyi ilə taxta üzərində müxtəlif rəsmlər, cizgilər, fiqurlar oyulması texnikası ilə tanış olublar. Sonda iştirakçıların özləri də müxtəlif nümunələr hazırlayıblar. Təlimlərin sonunda layihə iştirakçılarının yaratdıqları yeni sənətkarlıq nümunələrinin “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunda sərgisi keçirilib. Sərgidə xalq sənətkarları ilə yanaşı, təlim iştirakçıları da öz əlləri ilə hazırladıqları ilk sənət nümunələrini nümayiş etdiriblər. Tədbir zamanı Yanardağ qoruğunu ziyarət edən onlarla turist sənətkarların əl işlərini maraqla izləyiblər, bu əsərlərin hazırlanma üsulları ilə maraqlanıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə həyata keçirilən layihə “Azərbaycan mədəni irs sənətkarlığına dəstək və kreativ sənaye” İctimai Birliyi tərəfindən icra olunur. Layihənin məqsədi xalq sənətkarlığının inkişafı, itməkdə olan sənət növlərinin yaşadılması, həmçinin bu sahədə yeni kadrların hazırlanması işinə töhfə vermək, həm də Qarabağa qayıdacaq şəxslərin peşə əldə etməsinə yardım göstərməkdən ibarətdir.