“Aztelekom” 15 avqust 2024-cü il tarixdən genişzolaqlı internetin qiymətini artırır.
“Aztelekom” -dan Heftelik.az-a verilən məlumata görə, Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.
Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək.
Qeyd edək ki, hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir. İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq. Yəni internetin sürətini və qiymərtini gələn aydan 40 faiz qaldırılır.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansıa beynəlxalq reytinqlərdə yüksək yer qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir: “Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənddə yaşayır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən, kimin ağlına gəlib? Kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansısa onlayn xidmətlərdən yaralanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı? Onlar hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bu sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq? Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun və əlçatan olsun. Dövlət provayderlərinin bu tip addımları ümumiyyətlə, ağlasığmazdır. Provayder ona görə hələlik dövlət provayderidir ki, hər bir vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı təmin etsin. Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırıq”.