Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Veyisli kənd sakini Tarzan Şamilov idarə etdiyi “Ford Fusion “markalı minik maşını ilə kəndin mərkəzi yolunda həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun idarə etdiyi “KiA”markalı minik maşınını arxadan vurub.
Qəzadan sonra KİA sürücüsü avtomobilini saxlayaraq yerə düşüb. Hadisəni törədən Tarzan Şamilov yerdə olan Əhməd Ərəbovu maşınla vuraraq üstündən keçib. Xəsarət alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki ölən şəxs el arasında “kürd Amo” ləqəbi ilə tanınıb. Məlumata görə hər iki şəxs dost olub. Qəzanı törədən Tarzan Şamilov isə Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T. Şamilov saxıanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.