Lənkəranda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Güvən” Xeyriyyə ictimai birliyinin icra etdiyi “Sosial sahibkarlığa dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbir şəhər 3 nömrəli məktəbdə həyata keçirilib.
Tədbirdə Lənkəran rayonun müxtəlif kənd və qəsəbələrindən, o cümlədən şəhər ərzisindən qoşulan 22 nəfərə yaxın gənc iştirak edib.
Çıxış edən təşkilatın sədri və layihə rəhbəri Nigar Bayramlı layihənin donoru və mövzunun aktuallığı, təşkilatın fəaliyyət istiqamətləri barədə məlumatlar verib. O, layihənin sonunda təşkil ediləcək təcrübə turu barədə də iştirakçıları məlumatlandırıb.
Tədbir zamanı layihə eksperti, Biznes və Karyera palanlaması üzrə müstəqil təlimçi Rafət Şirəliyev seminarda iştirak edən gənclərlə sosial problemlər, onların təhlili, sosial problemlərin sosial sahibkarlığa çevrilmə mexanizmi, sosial sahibkarlığın digər biznes modellərindən fərqi və s mövzular müzakirə edilib, gənclərin təqdimatları dinlənilib. Yekun olaraq iştirakçılar layihə barədə müsbət fikirlərini bölüşüb və belə tədbirlərin davamlı təşkilini arzu ediblər. Seminarın yekununda iştirakçılara təşkilat tərəfindən sertifikatlar təqdim olunub.
Mövzu üzrə növbəti tədbirlər Lerik və Masallı rayonunda təşkil ediləcək. Layihədən ümumilikdə 100 nəfərdən çox qadınların və gənc oğlanların faydalanması planlaşdırılıb.
Layihənin məqsədi regionda yaşayan təşəbbüskar qadınlar və gənc oğlanlar arasında sosial sahibkarlığı təşviq etməklə yaşadıqları icmalarda sosial sahibkarlığın inkişafına, eyni zamanda müxtəlif sosial problemlərin həllinə töhfə verməkdir.