İyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.
Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır: “Bir daha vətəndaşlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırıq!”