Püşkatma ilə jurnalist Bəxtiyar Məmmədliyə Şuşada ayrılan mənzil ondan alınır.
Hetelik.az-ın məlumatına görə, jurnalist bununla bağlı Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya açıq məktubunu “Facebook”-da paylaşıb:
“Milli Mətbuatın 149 illiyinin qeyd olunduğu bir gündə Sizə etdiyim müraciət məcburiyyətindən irəli gəlir. Nəzərinizə çatdırım ki, mayın 8- də Şuşada məskunlaşma ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində püşkatmada iştirak etmişəm və doğulduğum, illərlə həsrətində olduğum Şuşaya tezliklə köçəcəyim günü səbirsizliklə gözləmişəm.
Hörmətli, Prezident və Mehriban xanım Sizin keçmiş məcburi köçkün, şəhid övladı kimi Şuşada mənə hədiyyə etdiyiniz mənzili Şuşanın Xüsusi Nümayəndəliyi və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əlimdən alır. Bu gün Komitədə bir daha oldum və dediklərinin ümumi məzmunu bu oldu ki, kimə istəyirsən de, artıq qərarımızı vermişik. Onlar bu çirkin əməllərini də onunla əsaslandırırlar ki, mənə aid mənzili ASAN xidmət işçilərinə və müəllimlərə verirlər. Bir şəhid övladı, 7 nəsil şuşalı və 20 il Azərbaycan Mətbuatında çalışan biri kimi mənim haqqım yoxdurmu, Şuşaya köçməyə? ASAN xidmət işçilərinə və müəllimlərə elə mənə verilən mənzilmi verilməli idi? Bu məsələyə məsul dövlət qurumlarının qeyri-peşəkarlığı və məntiqsiz hərəkətinin əziyyətini niyə vətəndaş olaraq mən çəkməliyəm?
Cənab Prezident və Mehriban xanım! Ötən ilin bu günlərində də Sizə açıq məktubum olmuşdu. O zaman çalışdığım “Global” Media Holdinq məhz sizə müraciət etdiyim üçün məni işdən çıxartdı. Ötən bir il ərzində Sizin sərəncamızla şəhid ailəsi kimi anama verilən təqaüdlə dolanmışam. Bunun üçün şəxsən sizə təşəkkür edirəm! Ötən 1 il ərzində iş tapa bilməməyimin səbəbi isə Sizə müraciət etdikdən sonra hansısa rəngli siyahıya adımın düşməsi olub. Ümid edirəm, Sizə ünvanladığım bu müraciət özü üçün rəngli siyahılar hazırlayan bəzi məmurlar tərəfindən doğru anlaşılar.
Hörmətli, Prezident və Mehriban xanım, əminəm ki, mənim bu müraciətim cavabsız qalmayacaq. Artıq məmurların özbaşınalığı, laqeyd münasibəti məni o həddə çatdırıb ki, atamın nəşinin tapılmasıdan sonra onu dəfn edib və ölkəni tərk etmək məcburiyyətində qalmışam”.