Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Aqroturizmin təşviqi” layihəsi çərçivəsində Masallı rayon İcra Hakimiyyətinin və Masallı rayonun Tüklə Bələdiyyəsinin təşkilati dəstəyi ilə Masallı rayonunun Tüklə kəndində fəaliyyət göstərən “Seyrəngah” Aqroturizm Təsərrüfatıda kənd təsərrüfatı subyektləri, kənd turizmi sahəsində çalışan şəxslər, eyni zamanda digər maraqlı şəxslər üçün seminar təşkil edilib. Tədbirdə ümumilikdə 16 nəfər təmsil olunub.

Heftelik.az-ın məlumatına görə, tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Tüklə kənd bələdiyyəsinin sədri Eyvaz İmaməliyev çıxış edərək dövlətin kənd təsərrüfatına və turizm sahəsinə diqqət və qayğısını qeyd edib, kənddə “Şəfəq” Ekoturizm İctimai Birliyi ilə birgə icra edilən əvvəlki layihələr barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə çıxış edən “Seyrəngah” Aqroturizm Təsərrüfatının sahibi Seyran Nəcəfov təsərrüfatda gördüyü işlər, təsərrüfatın aqruturizm fəaliyyəti kimi istifadə edilməsi, yerli və xarici təcrübələri və bu istiqamətdə iştirakçılara tövsiyyələr verib.

Birliyin idarə heyyətinin üzvü, layihə üzrə ekspert Rafət Şirəliyev tərəfindən iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, aqroturizm sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması mövzusunda məlumatları bölüşüb və müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılar tədbirin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına aqroturizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd ediblər. Yekunda tədbirdə sonadək iştirak edən iştirakçılara sertifikatlar təqdim edilib.

Məlumat üçün bildiririk ki, nəzərdə tutulmuş silsilə tədbirlərin Masallı rayonlarında həyata keçirilməsi ilə yekunlaşıb. Layihə çərçivəsində növbəti mərhələdə isə KİV, QHT, Turizm şirkətlərinin nümayəndələri və digər ictimai-fəal gənclərin iştirakı ilə regionda 3 günlük infoturun təşkili nəzərdə tutulub.

Qeyd edək ki, layihənin məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və aqroturizm potensialının alıcılara çatdırılmasını təşviq etməkdir.