Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat edib.
Heftelik.az-ın məlumatına görə, Səfa Mirzəyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktoru olub. 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.
1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub.
11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.