Axtarış və ya götürmə protokoluna aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir:

– axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt;

– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

– axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer;

– barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;

– hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda);

– hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda);

– hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda);

– axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

– axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri.