Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə Fərmanında əksini yapıb.
Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
Qeyd edək ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilib.
Dövlət başçısının sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təsdiq edilib.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Müşahidə Şurasının üzvləri təsdiq edilib.