Soltan Məmmədovun deputatlığa namizədliyi irəli sürülüb.
Heftelik.az-ın məlumatına görə, Soltan Məmmədov 12 saylı Xəzər Seçki Dairəsindən deputatlığa namizədliyinin irəli sürüldüyünü bildirib:
“Əziz seçicilər!
Ötən 5 il ərzində sizinlə birlikdə uzun bir yol qət etdik. Bu müddət ərzində vətəndaşların müraciətlərinə maksimum diqqətlə yanaşmağa çalışdım. Qaldırılan bir çox problemlərin həllinə nail olduq, eyni zamanda obyektiv və subyektiv səbəblərdən həllini gözləyən məsələlər də oldu. Əlbəttə ki, hər bir millət vəkilinin fəaliyyətinə seçicilər qiymət verir. Yalnız onu qeyd edə bilərəm ki, daxil olan heç bir müraciəti cavabsız qoymamaq fəaliyyətimin əsas prinsipi oldu.
Ölkəmizi beynəxalq tribunalarda layiqincə təmsil etməyə çalışdım. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbələr xalqımızın tarixində yeni bir səhifə açmaqla yanaşı, həm də beynəlxalq əhəmiyyətli tədbirlərdə daha inamlı, qətiyyətli davranmağımız üçün bizə güc verdi.
Qanunverciliklə bağlı bir sıra təkliflərlə çıxış etdim. Müvafiq dövlət qurumlarına seçiciləri narahat edən problemlər haqqında fikirlərimizi, narahatlıqlarımızı çatdırdım.
Ötən seçkilərdə mənə etimad göstərərək namizədliyimi dəstəkləyən, 5 il ərzində hər zaman güvənini, etimadını hiss etdiyim hər bir vətəndaşımıza dərin təşəkkürümü bildirirəm!
Bu gün yeni bir dövrə qədəm qoyuruq. Yenə Xəzər rayonundan, lakin bu dəfə Mərdəkan, Şağan və Buzovna qəsəbələrini əhatə edən 12 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatlığına namizdəliyim irəli sürüldü. Bu təşəbbüsü irəli sürənlərə, namizədliyimi dəstəklədiyini imzası ilə təsdiq edən bütün vətəndaşlara minnətdaram! İnanıram ki, növbədənkənar parlament seçkiləri ölkəmizin tarixində başlamış yeni mərhələnin ən mühüm siyasi hadisələrindən biri kimi yadda qalacaq”.
Qeyd edək ki, Soltan Məmmədov bundan öncə 14 saylı Xəzər Seçki Dairəsindən deputat olub.