“Kürd Amo” ləqəbi ilə tanınan Əhməd Ərəbovu maşınla vuran şəxs həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, Goranboy RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və hazırda ibtidai istintaq Goranboy rayon prokurorluğunda davam etdirilir.
İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu maşınla vurub çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
T. Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.