UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın iki klubu qalib gəlib, biri uduzub.
Heftelik.az-ın məlumatına görə, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Zirə” Slovakiyanın “DAK 1904” klubu ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-cu dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb. Qarşılaşmanın yekun nəticəsini isə 51 və 53 dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.
“DAK 1904” və “Zirə” komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.
“Sabah” klubu isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) komandası ilə üz-üzə gəlib. Macarıstandakı “Varkert” stadionunda baş tutan qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Bayquşların” heyətində 61-ci dəqiqədə Safranko hesabı açıb. 78-ci dəqiqədə Jesse Sekidika “Sabah”ın üstünlüyünü iki topa çatdırıb. Yekun hesabı isə 88-ci dəqiqədə adını tabloya yazdıran Xəyal Əliyev müəyyənləçdirib.
Bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçı isə Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. “Fehervar”dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.
Meydan sahiblərindən Murad Xaçayev 33-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.