Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib.

Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır.

Qeyd edilib ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.
Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir.
Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir.