Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda – Sena çayının ətrafında baş tutacaq.
Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək.
Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.
Açılış mərasimi yerli vaxtıla saat 19:30-da, Bakı vaxtı ilə 22:30-da başlayacaq.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.