Mövzu barədə bizə fikirlərini bildirən “Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva düşünür ki, ölkədə ətraf mühitin qorunması, xüsusən də azad edilmiş ərazilərdə ətraf mühit və ekoturizm standartlarına əməl edilməsi həmişə aktual olub, ekoloji birliklər tərəfindən həmişə gündəmə gətirilib. Onun fikrincə, ümumiyyətlə, dünyada şirklənməyən su hövzəsi yoxdur: “O cümlədən, məlumatlarıma və gördüklərimə əsaslanaraq deyə bilərəm ki, ölkədə də çirklənməyən su hövzəsi yoxdur. Xəzər haqqında faktlar məlumdur. Çaylara gəlincə, onlar bütün ölkə boyu axdıqları ərazilərdə çirklənməyə və zibillənməyə məruz qalırlar. Çayların suyundan istifadə edib, biznes fəaliyyəti, fermer fəaliyyəti ilə məşğul olanlar suyu kimyəvi çirklənməyə məruz qoyur, çay kənarında yaşayan icmalar öz məişət tullantılarını çaylara, kanallara, arxlara axıdırlar. Bütün çirklənmələrin səbəbi isə insanımızın ekoloji maariflənməməsidir. Onun ekoloji mədəniyyətə sahib olmamasından, əsasda ekoloji şüura sahib olmamasından irəli gəlir bu hal. Biz evimizi təmiz saxlayırıq, küçəmizin, şəhərimizin ən əsası da ölkəmizin təmizliyini düşünmürük. Bunun da səbəbi tullantıların idarə edilməsi ilə baölı problemlərdir. Bu, ölkədə həlli vacib olan mühüm problemdir”.
Mövzu ilə bağlı vacib nüanslardan biri ekoturistik məkanlarda fəaliyyət göstərən turzim mərkəzlərinin ekoloji mühitin təmiz saxlanmasına nəzarət etmələrinin səbiyyəsidir. Çox vaxt ölkənin müxtəlif yerlərində həmin turizm mərkəzlərinin təmizliklə bağlı hər hansı konsepsiyasının olmadığının şahidi oluruq. Təbii ki, bu cür hallar azad edilmiş ərazilərimizdə fəaliyyət göstərəcək turistik, ekoturistik məkanlar üçün pis nümunə olardı. Bu barədə fikirlərini bölüşən ekspertin qənaətincə, ekoturistik məkanlarda da vəziyyət gərgindir. Məsələn, gözəl turizm əhəmiyyətli ərazilərdə bir sıra hallarda otellər, kotteclər tikilir və fəaliyyət göstərir ki, burada da təmizlik və ətraf mühit amilinə lazımınca fikir verilmir. Həmin ərazilərdə yaşayan əhali də belə məsələlərdə biganəlik sərgiləyirlər. Həmin ərazilərdə turizm sahibkarlığı həyata keçirənlər isə ərazinin təmizliyinə cavabdehlik daşımırlar. Əgər sən burdan qazanc götürürsənsə, zəhmət çək əraziyə nəzarət et və təmiz saxla. Amma bu tərəfdən götürüb başqa tərəfə yığma, problemi kökündən həll et. Şəxsən mən nə zaman çimərlik ərazisinə getsəm, ilk növbədə, tullantıları bir kənara toplayıram ki, dəniz suları yuyub aparmasın. Bir neçə dəfə Abşeron Milli Parkında tədbir keçirmişik məktəblilərlə, Xəzər sahilində suların gətirdiyi zibilləri toplamışıq. Onu da qeyd edim ki, həmin parkın ərazisi ekoloji təmiz ərazidir.
Bəs müvafiq qurumlar ekoturistik məkanların təmizliyinin qorunması ilə bağlı hansı tədbirləri həyata keçirməlidirlər? Bu baxımdan daha çox hansı məsələlər diqqətə götürülməlidir? Ekspert qeyd edir ki, ilk növbədə, tullantıların toplanması, emal edilməsi sahəsində fəaliyyətləri gücləndirmək lazımdır. Tullantılar idarə edilməlidir. Tullantıların idarə olunması prosesi bu tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə onların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi və emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyətlər kimi başa düşülür. Tullantıların idarə edilməsi zamanı təkrar xammal əldə etmək mümkündür və bunun üzərindən biznes fəaliyyəti də qurmaq olar. Bir sıra inkişaf etmiş ölkələrdə bu məsələ artıq həll edilib. Yaxşı nümunələr var. Bir çox ölkələrdə, tullantılar problemi artıq qaydaya salınmışdır: qanuna tabe olan vətəndaşlar özləri zibilləri çeşidləyir və müxtəlif zibil qablarına atırlar ki, sonradan bu zibillər növlərinə görə ayrı-ayrı təkrar emala göndərilir. Amma sivillizasiya səviyyəsi aşağı olan ölkələrdə belə vəziyyəti insanlar yalnız arzu edə bilərlər: “Bizim kimi ölkələrdə əvvəllər olduğu kimi, köhnə qaydalarla xüsusi adamlar zibillərin çeşidlənməsi ilə məşğul olurlar. Tullantılardan müxtəlif məhsullar istehsal etmək və ya yandıraraq enerji əldə edilməsində istifadə oluna bilər. İnanın ki, məkanlar təmiz olsa, ərazilərimizin ekoturistik potensialı dəfələrlə artar”.
Azad edilmiş ərazilərində ekomühitin, su hövzələrinin qorunması ilə bağlı çox işlər görülməlidir. Ekspert bildirir ki, vaxtilə Qarabağda mənfur düşmən təkcə insanlarımızı öldürməyib, evlərimizi, şəhərlərimizi dağıtmayıb, onlar təbiətə qarçı da ağır cinayətlər törədiblər. Onlar bütövlükdə Qarabağda ekoloji terror törədiblər. İşğaldan azad olduqdan sonra aidiyyəti qurumlar ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə bir sıra monitorinqlər həyata keçiriblər. Oxçuçayın həddən ziyadə çirklənərək, zəhərlənməsi, qiymətli meşələrimizin məhv edilməsi, min illərlə yaşı olan abidə ağaclarımızın qırılması halları və s. müşahidə edilib. Hazırda Qarabağın təbiəti reanimasiya prosesini keçir və sağalma, bərpaolma prosesini yaşayır. Su hövzələrinə körpə balıqlar buraxılır, ağaclar əkilir. Burda ekoloji vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır. Su hövzələri çirkləndiricilərinin mənşəyi və mənbəyi müəyyənləşdirilməli və çirklənmənin nəticələri aradan qaldırılmalıdır”.
Tural Tağıyev
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir.
Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır. Azərbaycanın ekoturistik imkanlarının düzgün qiymətləndirilməsi və artırılması baxımından da mövzu xeyli dərəcədə önəm kəsb edir. Həmçinin, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaq bütün əlaqədar dövlət və qeyri-dövlət qurumlarının, eləcə də hər bir vətəbdaşın işidir. Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.