İntensiv yağan yağışlarla əlaqədar Gəncə şəhərinin Nizami küçəsində yerləşən tunelin subasmaya məruz qalması və avtomobillərin yolda hərəkəti üçün çətinlik yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Heftelik.az-ın xəbərinə görə, məlumat əsasında əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.

***

saat 10.50

Gəncədə sel ciddi fəsadlar törədib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhərin çıxışında Gəncə-Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel suları dolub.

Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər. Alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.

Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.

Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir.