Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin tərkibində silahlı bandalarda və onların törətdikləri basqınlarda iştirak etməkdə ittiham olunan Hüseynağa Zərbəliyev 28 il sonra mühakimə edilib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dəlil və sübutlar tədqiq edilib, şahidlər dindirilib. Bu gün keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, H.Zərbəliyevin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, xüsusilə ağır cinayətlər üzrə qanunla müəyyən edilən cəlbetmə müddəti 20 ildir.
İttihamda deyilir ki, H.Zərbəliyev 1996-cı ildə başqaları ilə birlikdə silahlı qrupun törətdiyi basqında iştirak edib. Təqsirləndirilən şəxs və digərləri iş üzrə zərərçəkmiş kimi tanınan Tofiq Bayramovu həyat və sağlamlıq üçün təhlükəli üsulla ona fiziki iztirab verməklə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədov həbsdə intihar edib.