“SOCAR-AQŞ” MMC-nin 54 milyon manatlıq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin məhkəməsi başlayıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb.
Məhkəmədən prosesin qapalı keçirildiyi bildirilsə də, səbəbi açıqlanmayıb.
Yalnız onu əldə etdik ki, hazırlıq iclasının predmetinə uyğun olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.
Elektron məhkəmə sistemindən görünür ki, iş üzrə baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.
Ötən ilin iyulunda həbs edilib. İş üzrə “SOCAR-AQŞ”dən başqa, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı da zərərçəkmiş qismində tanınıb.