İstər sovet dövründəki, istərsə də müstəqillik dövründə Heydər Əliyevin ən diqqət etdiyi məsələ ana dilinin qorunması və inkişafı olmuşdur. Müstəqil Azərbaycan Respublikasında ana dilimizin hərtərəfli istifadəsinin genişlənməsi, bu sahəyə diqqətin ayrılması Ulu öndərin hakimiyyətə gəlməsindən sonra geniş vüsət almışdır. Azərbaycan dilinin birbaşa inkişafı, ümumişlək dilə və dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin, habelə beynəlxalq təşkilatların kürsülərində səslənməsi birbaşa Heydər Əliyevin adı ilə bağlı idi.
Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən bir çox tədbirlər həyata keçirmişdir. Azərbaycan dilində dərs keçən professor-müəllim heyətinin sayında da xeyli artım olmuşdur. Azərbaycan dilinin istifadə arealının böyüməsi azərbaycandilli ziyalı təbəqənin güclənməsinə səbəb olmuş və ictimai fikirdə aparıcı yer tutmağa başlamışdır. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə və şərqşünaslara qayğı göstərilməsi ilə əlaqədar Heydər Əliyevin imzaladığı fərmanlar bu sahəyə göstərilən diqqətin real nəticələrindən biri idi.
Dilimizin inkişafında Heydər Əliyev qayğısının parlaq təzahürü olan, “Azərbaycan dili Gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli, “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli, və “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli qərarlar dilimizin inkişafı üçün nəzərdə tutulmuş mühüm fərman və sərəncamlardır.
Təkcə onu xatırladaq ki, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi, o illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi. Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində atılan daha bir böyük addım idi.
Müstəqilliyimizin ilk ilində – 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdır. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin müvafiq fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.
Bir məsələni də xüsusi vurğulamaq vacibdir ki, Heydər Əliyev uzun müddət Moskvada yaşayaraq orada müxtəlif dövlət vəzifələrində çalışması və əsas danışıq nitqinin rus dili olmasına baxmayaraq, 90-cı illərdə Vətənə qayıtdıqdan sonra çox sərbəst olaraq Azərbaycan dilində danışması onun öz dilinə olan bağlılığından və natiqlik istedadının necə də üst səviyyədə olmasından xəbər vermişdir.
Heydər Əliyev demişdir: “Özümüzün dilimiz var Azərbaycan dili və çox da gözəl dilimiz var, çox zəngin dilimiz var, çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.
Sənan Hüseynov
Nyu-York Elmlər Akademiyasının üzvü,
ADNSU III kurs tələbəsi