İyulun 30-da xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri Qasım Mohiuddini qəbul edib.
Xarici İşlər Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb. Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Azərbaycan Respublikası Prezidentinin Pakistan İslam Respublikasına son rəsmi səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planlar müzakirə olunub.
Tərəflər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.
Cari ilin 3 iyul tarixində Azərbaycan və Türkiyə Prezidentləri və Pakistanın Baş naziri arasında keçirilmiş üçtərəfli görüşün əhəmiyyəti qeyd olunaraq, ümumilikdə üçtərəfli formatın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatı, habelə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər diqqətə çatdırılıb.
Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iki ölkə arasında yüksək səviyyəli təmaslar üçün əlavə imkan yarandığı qeyd edilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.