1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ölkəmizdə və xaricdə çox böyük sevgi ilə qeyd edilir
Millətlərin inkişaf tarixinə nəzər yetirsək, yalnız ana dili olan xalqların bu günə kimi gəlib çıxdığının şahidi olarıq. Azərbaycan dövləti dilimizi qorumaq qüdrəti göstərib. Bu, həm də dilin zənginliyinin sübutudur. Bu gün ölkəmizdə ana dilinin yayılması üçün atılan addımlar təqdir olunur. Ulu Öndər Heydər Əliyev deyib ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər: “Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”. Dilin inkişaf etməsi üçün lazımı şərait yaradılmalıdır. Azərbaycan türkcəsi öz fonetik ahənginə və qrammatikasına görə, dünyanın ən təkmil dillərindən biridir. Azərbaycanda dilçilik elm kimi yüksək səviyyədə inkişaf edib. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev daima cəsarətli mövqeyi nümayiş etdirib. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Hazırda 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ölkəmizdə çox böyük sevgi ilə qeyd edilir. Onu da bildirək ki, Azərbaycan dili gününün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Azərbaycan dili günü ilə bağlı müxtəlif aidiyyəti təşkilatlarda da tədbirlər keçirilir. Tədbirlərdə dilçi alim və mütəxəssislər iştirak edirlər. Toplantılarda dil problemləri ətrafında müzakirələr və dilin hazırkı inkişafı haqqında söhbətlər aparılır. Eyni zamanda xaricdə yaşayan soydaşlarımız da bu bayramı qeyd edirlər. Xüsusən müxtəlif ölkələrdəki diaspor təşkilatlarının ofislərində körpə azərbaycanlı uşaqların iştirakı ilə tədbirlər keçirilir. Azərbaycanlı uşaqlar dilimizlə bağlı şeirlər səsləndirirlər. Çox müsbət haldır ki, xaricdəki uşaqlarımıza ana dilimizdə təkmil bilmələri üçün “Həftəsonu məktəbləri” fəaliyyət göstərir.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bu məsələ barədə illərdir araşdırmalar aparılır, danışılır. Yeri gəlmişkən, qeyd etdiyimiz dövlət proqramından irəli gələrək qeyri-hökumət təşkilatları da kütləvi informasiya vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı təşəbbüslərinə dəstək məqsədi ilə layihələr icra edirlər. KİV-də ədəbi dil qaydalarına necə əməl edilməsi ilə bağlı dəyirmi masalar keçirirlər. Bu dəyirmi masalarda Mətbuat Şurası İdarə Heyətinin üzvləri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları və jurnalistlər iştirak edirlər. Həmçinin bu layihələr çərçivəsində bukletlər çap olunur. Mətbuatda alınma sözlərdən istifadə vəziyyəti araşdırılır. Həmçinin, teleradio məkanında təqdim olunan verilişlərin monitorinqi aparılır. Tablolar, reklamlar və mağazaların üzərindəki sözlərin yazılışının monitorinqi aparılır və bu barədə maarifləndirici yazı dərc edilir. Həmçinin jurnalistlər üçün treninqlər təşkil edilir. Sevindirici haldır ki, Azərbaycan Mətbuat Şurası, Milli Teleradio Şurası, Medianın İnkişafı Agentliyi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Milli Televiziya və Radio Şurasının, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin davamlı fəaliyyətləri nəticəsində media sahəsində dil normalarının pozulması halları xeyli azalıb.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri