Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun deputatlığa namizədliyini irəli sürərkən hansı əmlakları barədə məlumatları gizlətdiyi üzə çıxıb.
Heftelik.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun apardığı araşdırma zamanı məlum olub ki, Elton Məmmədov ona məxsus və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmış qeyri-yaşayış sahəsi, mənzil, torpaq sahəsi və fərdi yaşayış evlərinin bir qismi barədə qeyri-düzgün məlumatlar təqdim edib, digərləri, o cümlədən, 105 ha torpaq sahəsi, ümumi sahəsi 679.1 kv.m olan üç qeyri-yaşayış sahəsi, ümumi sahəsi 797.2 kv.m olan üç fərdi yaşayış evi barədə məlumatları isə təqdim etməyib.
O da məlum olub ki, Elton Məmmədov 94 saylı Ucar Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmış ilk namizəd imiş. Yəni Elton Məmmədov deputatlığa namizədliyin irəli sürülməsi, namizədliyin təsdiqlənməsi, imza vərəqələrinin alınması, doldurularaq geri qaytarllması və namizədliyin qeydə alınması mərhələlərini keçib, deputatlığa qeydə alınmış namizəd kimi 01 nömrəli vəsiqə alıbmış.
Qeyd edək ki, Ucar rayonunun bir qrup sakininin müraciəti əsasında MSK-nın 24 iyun tarixli qərarı ilə 94 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 09/30 saylı qərarı ləğv edilib, deputatlığa qeydə alınmış namizəd Elton Məmmədova verilmiş 01 nömrəli vəsiqə etibarsız hesab edilib.