Məlum olduğu kimi, Laçın rayonunda “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi təşkil edilib.
Heftelik.az-ın Qafqazinfoya-ya istinadən verdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə anası azərbaycanlı olan Türkiyə astronavtı Tuva Cahangir Atasevər də düşərgənin qonağıdır.
Atasever 1992-ci ildə Ankarada anadan olub. Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi fakültəsini bitirib. Daha sonra Kaliforniya Universitetində elektrik və elektronika mühəndisliyi üzrə magistr təhsili alıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 aprel 2023-cü il tarixində Atatürk Hava Limanında başlayan dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-dəki çıxışında Alper Gezeravcının ilkin, Tuva Cihangir Ataseverin ehtiyat kosmos səyahətçisi olacağını açıqlamışdı.
T.C.Atasevərin anası Məlahət Atasevər mətbuata açıqlamasında oğlunun gənclərə örnək olacağını bildirmişdi: “Əminəm ki, Türkiyə və Azərbaycanın sıx əməkdaşlığı tezliklə kosmik sahəyə də keçəcək. Mənim oğlum Azərbaycanın da ilk astronavtıdır”.
Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edəcək Diaspor Gənclərinin V Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir.
V Yay Düşərgəsində 60 ölkədən 115 gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.