“Humanitar Tədqiqatlar” İctimai Birliyi Bərdə rayonunda məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbiri keçirib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Bərdə rayonunda yaşayan 24 nəfər iştirak edib.
Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova bildirib ki, “Məişət zorakılığına qarşı mübarizə ilə bağlı hüquqi maarifləndirmə” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilir.
Layihənin məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, risk qrupundan olan qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi konsultasiya xidmətinin göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.
Daha sonra çıxış edən layihənin eksperti Xalid Kazımov Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün mövcud hüquqi çərçivə, o cümlədən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunla bağlı məlumat verib.
X.Kazımov məişət zorakılığı problemi, məişət zorakılığından müdafiə mexanizmləri, qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi qaydaları ilə bağlı iştirakçıları məlumatlandırıb.
Respublikamızda məişət zorakılığına məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanıldığını bildirən X.Kazımov qeyd edib ki, 2023‑cü ildə 180‑ı qısamüddətli, 16‑sı uzunmüddətli olmaqla, ümumilikdə 196 mühafizə orderi icraatda olub.
Mühafizə orderi alanlar arasında qadınların çoxluq təşkil etdiyinə diqqət çəkən ekspert bildirib ki, 2023-cü ildə 9 kişiyə mühafizə orderi verilib.
Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov məişət zorakılığına yol vermiş şəxslərin məsuliyyəti ilə bağlı məlumat verib: “2023-cü ildə Daxili İşlər Nazirliyi məişət zorakılığı ilə bağlı 9 389 şikayət qeydə alıb. İl ərzində 1386 nəfər məişət zorakılığı ilə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunub. Onlardan 88-i qadın və 1298-i kişidir. 2023-cü ildə 1224 qadın və 289 kişi məişət zorakılığının qurbanı olub. Ən narahatedici məlumatlar arasında ailə münaqişələri və qısqanclıq səbəbindən törədilən zorakılıq halları da var. Bu hadisələr nəticəsində 49 qadın qurban olub. Bu hadisələrdən 47-si qəsdən adam öldürmə ilə bağlıdır. Onlardann bir hadisə intihara gətirib çıxarıb, digərində isə sağlamlığa qəsdən ağır zərər yetirilib”.
A.Nurməmmədov daha sonra zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda layihənin hüquqşünası Araz Nurməmmədov tərəfindən risk qrupundan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilib.